Qubadlının bərpasında sakinlərin fikri niyə nəzərə alınmır?

Qubadlının bərpasında sakinlərin fikri niyə nəzərə alınmır?

Qubadlının işğaldan azad edilməsinin 4-cü ili tamam olur, ancaq rayona hələ bir ailə də qayıtmayıb, bir kəndin də inşası başa çatmayıb. 

Qubadlıda tikintisinə başlanan ancaq Zilanlı kəndidir. 1993-ə qədər rayonda ən kasıb, imkansız adam da ev tikəndə ən az yerdən 4-5 mişardaşı - kubik yuxarı qaldırırdı ki, kürsülü olsun, yağış, sel, su, qar yağanda evin içinə dolmasın. Ancaq fotodakı evlərdən görünən budur ki, layihəçilərimiz bu sadə məsələni unudublar.

Mayın 5-də mən bir qrup şəhid, qazi ilə birlikdə rayona gedərkən tikinti gedən əraziyə döndük, gördüyümüz mənzərə acınacaqlı idi; bir gün əvvəl yağan az miqdar yağış suyu 8-10 kubiki qalxan evlərin içini palçıq axını ilə doldurmuşdu, fəhlələr də elə bu lili qurumamış hörgüyə tələskənlərlə davam edirdi.

Layihəçilər anlamalı idi ki;

-bura kənd yeri deyil, avtomobil yolunun üst tərəfində hündürlükdə qalan kəndləri salanlar bu yerin təbii şəraitini bildiklərindən, yuxarı dərələrdən gələn selin, daim aşıb daşan Həkəri, Bərküşad çaylarının hirsinə, hikkəsinə bələd olduğundan dərə ağzında, çay yatağında heç bir kənd, yurd salmağı ağıllarına da gətirmədilər. Qubadlının relyefi Cəbrayıl, Füzuli, Ağdamdan fərqlidir, eyni çertyojları bura tətbiq etmək olmaz.

-elə dağılmış o evlərin çaylaq daşlarından istifadə edib indiyədək bitişik Mahruzlu, Zilanlı, Seləli, Şotlanlı kəndlərində az məsrəflə böyük bir qəsəbə salmaq olardı.

-Zilanlıda o evləri tikənlərin içində bir nəfər də qubadlılı, cəbrayıllı, laçınlı yox idi.

-binamus qonşulara nə qədər layiq olduğu söyüş, bəd dualar yağdırsaq da, bu nankor qonşularımızdan öyrənməli çox şey var: 1-ci onlar heç vaxt əkinə faydalı, məhsuldar torpaqlarda kənd salıb ev tikməzlər, Allah bu torpaqları əkib becərmək üçün yaradıb, betonun altında diri-diri basdırmaq üçün yox.

-dövlətin sərhəddi iri, abad yaşayış məntəqələri ilə gücləndirilməlidir ki, zəhmi yağı təhlükənin gözünü qorxutsun. Ana kitabımız Dədə Qorqudda Gürcüstan elindən gələn bac-xəracı xanlar xanı Bayandır xan oğuz igidlərinə verib 40 igidlə, ailəsi, qohum əqrəbası ilə ölkəsin ucuna-sərhədlərinə göndərir ki, gedin orda yurd salın, vətənin o hissədən girişini etibarlı qoruyun.

-erməni bicdir, bu sadə həqiqəti, məntiqi gözəl mənimsəyib; torpaqlarımıza - konkret desək, Qubadlıya bitişik, 70 il qabaq Sultanovların mülkləri olan Gorus, Qafan, Qacaran kəndlərinin yerində 30-50 min yaşayış abad şəhərləri salıb zavod, fabrik tikdilər (hamısı da əkinə yararsız dağlar arasında) Qafanın Zeyvə, Gorusun Xinzirək kəndində 93-cü ilədək elə bir şərait yaradılmışdı ki, yaraşıqlı, gur yaşayış yeri salmışdılar ki, bizim heç bir varlı rayonlarımızda elə kənd yox idi. Bizim başımız saxta rəqəmlərlə keçici qırmızı bayraqlar almağa qarışan vaxt onlar sovetin büdcəsi hesabına özlərinə rahatlıq, firəvan həyat şəraiti yaratmışdılar. Biz Qubadlının komsomol işçiləri maaşımızı alanda bir uzun siyahı tutub sürücümüz Məhəmmədlə Qafana komsomoluna- I katib Ritaya, atası univermağın I mərtəbəsində dərzi işləyirdi, göndərirdik ki, yağ, çay, qənd və sair kimi gündəlik tələbat mallarından toplayıblar al bayraqlı ac qonşularına yardım eləsin. İşğala kimi kəndlərimizin çoxu yolsuz, qazsız, susuz, işıqsız qalmışdı.

Budur, yenə də köhnə hamam, köhnə tas; yenə bağışlanmaz kobud səhvlər davam edir, sərhəddəki kəndlərimiz boşaldılır, aşağı sürüklənir, strateji əhəmiyyətli hündürlüklər əldən verilir. Şurnuxuda artıq 14 təzə ev də tikilib paylandı, Paşinyan gəldi, göstərdi ki, hökumətimiz burdadır, yanınızdadır, Şurnuxunun yolun altında, aşağı evlərə kim qayıdıb köçəsidir, raqatka ilə yuxarıdan nişan almaq olar aşağıdakı evləri. Rayon mərkəzi niyə gəlib Dəmirçilər, Dondarlı kövşəninə sığınsın, Yazı düzündə salınmasın,  azi 5 min ikiayaqlı yaşayan Xinzirəklə üzbəüzdə tikilməsin? Milyonlarla su tutumu olan, Tatev su anbarının ağzında çaladakı Qubadlı şəhərini təzədən hərbi şəhərciyə çevirmək hansı ağılın məhsulu, kimin ideyasıdır?! Gorusla üzbəüz Yazı düzü, Gəyən düzündə etibarlı qəsəbələr salmaq nədən heç kimin ağılına gəlmir?! Sovetin vaxtında da bütün İranı əl içi görən hərbi hissə Gəyən düzündə yerləşirdi.

Bərgüşad, Həkəri çaylarının suyunun borulara doldurulub Sabirabadda gətirilməsi layihəsinin Laçın, Qubadlı, Zəngilan, Cəbrayılın ekologiyasına, əkinçilik, heyvandarlıq, balıqçılığa vuracağı ziyan niyə gözə alınmır, bu haqda düşünən, danışan niyə yoxdur?! Kürün suyun yüngül təmizlənmə ilə Mil, Muğan, Aranda içməli su problemini həll etmək olmazdı? Guya Bakıda içdiyimiz həmin Kürün suyu deyilmi? Bu layihə ilə Laçın-Qubadlı- Zəngilandan keçib Araza qovuşan Həkərii çayı boyunca 30-dək kəndin qətlinə hökm veriblər, yüz hektarlarla əkin sahələrinin, nadir floranın, faunanın, ölkənin heç bir guşəsində mövcud olmayan balıqların mövcudluğuna son qoyulacaq, min illərdi Araz belə, Həkəri belə deyə şeir yazıb, mahnı qoşduğumuz, özümüzə təxəllüs götürdüyümüz Həkəri artıq bir sızqa arxa çevrilir, Həkəri ilə Bərgüşadın Hindiverd (kürd dilində suqovuşan deməkdir) ətəyində  iki həsrətli sevgilinin vüsala yetib qucaqlaşması kimi görünən təbiət möcüzəsi də yox olur, ancaq fotolarda qalır. 

Yenə bu şərəfsizləri xatırlayaq, heç vaxt tokla, dinamitlə tutulan çay balığın yeməzdilər. 2-3 ildir feysbukda Sumqayıtda satılan Həkəri, Bərgüşad balığının fotoları gözə girir, iç göynədir, kimlərdi o torpaqları çalıb talayanlar? 2022-nin avqustunda Qubadlının Qaçaq Nəbi, Qoçaq Həcər yurdu Aşağı, Yuxarı Mollu kəndində olduq, yaşamağa çox faydalı evlər var, yeni gedişimdə bütün hamısı talan edilib daşınmışdı. İşıq dirəkləri, evlərin dəmir örtükləri də yağmalanıb mütəşəkkil dəstə tərəfindən yağmalanmışdı. Yenə misal çəkəcəm, iyulun 25-də Laçına Həkəri çayı boyunca gedib gəldik, gecəni qaldıq, səhər durub asma körpünün üstündən keçib o taya geri qayıdıb, ayaq atdıqca yüyrük kimi yellənib altı suya dəyirdi, o tay bu tayında da irili-xırda obyektlər. Dedim Həkəri daşanda onların izi də qalmayacaq, elə də oldu, feysbukda fotoları qalır. O foto-videolar da aydın göstərir ki, Yazı, Gəyən düzünü, kövşənləri kimlərsə əkib becərir, məhsulun yığıb daşıyır, kimdir, nəçidir, haralıdır, bilən yoxdur, varsa da ad çəkməkdən qorxub çəkinir. Bu da bir dərd... 

Xanlıqdan Qubadlıya gedən 6 km uzunluğunda yolun 4 ildir çəkilib başa çatdırılması da acı bağırsaq kimi uzanır. Xanlığın ortasından keçən yolda heç zaman sel təhlükəsi olmayan 250-300 metr uzunluğunda yola tökülən daş, beton, qum, çınqılla elə o kənddə azi 40 ev tikmək, nə qədər ailəni geri qaytarmaq olardı. 

Laçına, Şuşaya gedən yollarda salınan 3-4 zolaqlı enli yola nə ehtiyac var imiş, özümüzə aldadırıq: Laçın heç vaxt Qəbələ, Qusar, Şəki kimi turizm məkanı olmayacaq, heç Şuşa, Xankəndi, Kəlbəcər də bu məqsədlə çəkilən xərclər, tikilən bahalı otellər müqabilində xarici turistlər üçün cəlbedici məkanlar olmayacaq! Yetərdi ki, Laçın, Kəlbəcər, Şuşada sanatoriya, müalicə yer, kurort mərkəzləri, avtovağzallar, təbii ehtiyatların ehtiyatlarından istifadəsini təmin edən sahibkarlıq obyektləri, istehsal müəssisələri tikilərdi, iş, məşğulluq imkanları yaradılardı, camaatın doğma yurd-yuvalarına qaytarılıb, daimi məskunlaşmasına şərait yaradılardı. İsrafçılıqla buldozerlərin qabağına verilmiş diri-diri dəfn edilən meşə massivləri, min illər ərzində formalaşan üst münbit torpaq qatının acımasız israfçılıqla asfalt, beton altında basdırılması üzücüdür. Ən pisi odur ki, bu mənzərələri erməni bayrağı altında sərhəd gözətçi məntəqələrində oturan ermənilər də görür.

Bu görüb anladıqlarımın, yazdıqlarımın həqiqət olduğunu zaman göstərəcək, indilikdə havaya sovrulan milyonlar, "Böyük Qayıdış"ınsüni şəkildə gecikdirilməsi, əhalinin bu prosesin gedişatından incikliyi, gözləntilərinin gerçəkləşməməyi insanı incidir.

Son Söz: sosial şəbəkələrdə Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işlərində, icra olunan layihələrdə törədilən yeyintilər, israfçılıq, haqsız rəqabətlər, vətəndaşlara yaradılan süni əngəllər barədə tez-tez görüntülər yayılır. Şəhid qanı ilə suvarılan torpaqlara haram qatmaq, gəlir mənbəyi kimi baxmaq bağışlanmaz günahdır, ən böyük cinayətdir, hakimiyyət, kürsü, var-dövlət naminə yağı düşmənə ərməğan etdiyimiz bu füsunkar gözəllərimizi 28-30 il yağı düşmənə təslim etdik, heç olmazsa, bundan sonra bizdən haqlı olaraq incik düşən o torpaqları Vətənə çevirmək fürsətindən qeyrət, namusla, ağılla yararlanaq, səhvlərimizdən ibrət alaq, günahlarımız böyükdür, günah üstünə günah, suç üstünə suç gətirməyək, gələcək nəsillərin nifrətinə tuş olmayaq, cənablar!

Hacı Nərimanoğlu, 20.09.24.